Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının müstəqilliyinin 108-ci ildönümü ilə əlaqədar Əlcəzairdəki səfirliyimiz tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Əlcəzair hökuməti adına tədbirdə iştirak edən dövlət naziri, karbohidrogenlər və mədənlər naziri, Əlcəzair-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Məhəmməd Ərqab Əlcəzair Prezidenti və hökuməti, Əlcəzair Parlamenti sədrinin müavini Murad Lekehal isə bu ölkənin qanunverici orqanının adından təbriklərini çatdırıblar.
Səfir Tural Rzayev çıxış edərək Azərbaycanın tarixi və müasir inkişaf mərhələsi, Vətən müharibəsi və birgünlük lokal antiterror tədbirləri nəticəsində qazanılan zəfərlər, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Azərbaycan-Əlcəzair münasibətlərinin tarixi və hazırkı vəziyyəti barədə məlumat verib. O, həmçinin bu il Azərbaycanda keçirilən və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdən danışıb.
Tədbir diaspor nümayəndələrimiz tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.
Qonaqlara Azərbaycan mədəniyyəti, tarix, memarlıq abidələri, şəhərlərimizin müasir görüntüsü, ölkəmizin turizm imkanları barədə videoçarx nümayiş etdirilib, Azərbaycanın milli təamları təqdim olunub.