Qubada Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans: memarlıq və inkişafın vəhdəti
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş "Memarlıq və müstəqillik: quruculuqdan tərəqqiyə" mövzusunda elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti, gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər. Tədbiri açan filialın direktoru professor Yusif Alıyev 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinə toxunaraq, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının dövlətçilik tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıb. Direktor bildirib ki, müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik dühası sayəsində yenidən bərpa olunub və əbədi xarakter alıb. Ulu Öndərin ölkənin şəhərsalma və memarlıq sahəsində əsasını qoyduğu unikal strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf modelinin əsas sütununa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş və böyük quruculuq meydanına çevrilmiş qədim Qarabağ və Şərqi Zəngəzur torpaqları, Cümhuriyyət qurucularının da ruhunu şad edəcək şəkildə, bu unikal memarlıq fəlsəfəsinin və milli intibahımızın ən canlı nümunəsidir.
Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov çıxışında konfransın elmi aktuallığına toxunaraq bildirib ki, müstəqillik dövrü Azərbaycan memarlığı təkcə vizual yenilik deyil, həm də milli kimliyimizin və dövlət suverenliyimizin daşlara yazılan salnaməsidir. Gənc alimlərin bu sahədəki tədqiqatlarının əhəmiyyətini qeyd edən sədr konfransın beynəlxalq statusunun təcrübə mübadiləsi baxımından gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını diqqətə çatdırıb.
Konfransda məruzələr dinlənilib. Məruzələrdə müstəqillik dövründə Azərbaycan memarlığının keçdiyi şərəfli inkişaf yolu, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə cənnət Qarabağda böyük uğurla tətbiq edilən və dünyaya nümunə olan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri, həmçinin şəhərsalma prosesində müasir təhsil infrastrukturunun, məktəblərin rolu və pedaqoji yanaşmalar, multikultural və inklüziv cəmiyyət anlayışları geniş, fundamental şəkildə təhlil olunub.