Daşkənddə muğam və makom dərsi təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutunun birgə əməkdaşlığı çərçivəsində gənc ifaçılar üçün “Azərbaycan muğamı və özbək makomunun ortaq ifa üslublarının öyrədilməsi” mövzusunda ustad dərsi təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ustad dərsində Azərbaycanın Xalq artisti, tarzən Malik Mansurov, Əməkdar artist, xanəndə Qoçaq Əsgərov, Özbəkistanın Əməkdar artisti, Özbək Milli Musiqi Sənəti institutunun “Makom çalğı ifaçılığı” kafedrasının müdiri, professor İlyas Ərəbov və kafedranın müəllimi Əzizə Davronova iştirak ediblər.
Tədbir Azərbaycan muğamı və özbək makom sənətinin tarixi-mədəni bağlılıqlarının, ortaq ifa ənənələrinin, melodik xüsusiyyətlərinin və interpretasiya prinsiplərinin gənc musiqiçilərə sistemli şəkildə aşılanmasına həsr edilib. Tədbir çərçivəsində repertuar seçimi, fərdi ifa üslubunun formalaşdırılması, musiqi təhsili prosesində qarşıya çıxan çətinliklər və gənc ifaçıların beynəlxalq səhnədə təqdimat bacarıqlarının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Canlı ifa nümunələri vasitəsilə nəzəri biliklərin praktik tətbiqi nümayiş etdirilib və iştirakçılar arasında yaradıcı, peşəkar musiqi dialoqunun yaranmasına şərait yaradılıb.
Açılışda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, bu kimi elmi-mədəni layihələr Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin, strateji tərəfdaşlığın və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. O qeyd edib ki, muğam və makom kimi qədim musiqi sistemlərinin ortaq estetik, melodik və struktur xüsusiyyətlərinin öyrənilməsi hər iki xalqın musiqi irsinin müqayisəli tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutunun prorektoru Ənvər Norbekov çıxışında təşəbbüsün akademik mühitdə beynəlxalq mədəni dialoqun genişləndirilməsi, gənc ifaçıların peşə hazırlığının təkmilləşdirilməsi və ənənəvi musiqi məktəblərinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, ustad dərsi muğam və makomun lad sistemlərinin müqayisəli təhlilinə və müasir musiqişünaslıq kontekstində dəyərləndirilməsinə töhfə verir.
Sonda iştirakçılar bu cür birgə layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan və Özbəkistan arasında musiqi sənəti sahəsində akademik və praktik əməkdaşlığın daha da genişləndirilməsini zəruri hesab ediblər. Ustad dərsi gənc ifaçıların peşə hazırlığının yüksəldilməsinə, milli musiqi məktəblərinin elmi və praktik baxımdan qarşılıqlı inteqrasiyasına, eləcə də iki ölkə arasında mədəni-humanitar əlaqələrin sistemli inkişafına mühüm töhfə kimi qiymətləndirilib.