Avropa İttifaqının tərəfdaşları itirmək təhlükəsi: Gürcüstan və Azərbaycana qarşı səhv siyasət
Bakı, 26 may, AZƏRTAC
Avropa Parlamentində (AP) təmsil olunan bəzi siyasi dairələrin Azərbaycana qarşı qərəzli yanaşması qurumun özündə qarşıdurmaya gətirib çıxarıb. Bir sıra deputatlar riyakarlığın son həddini görüb buna qarşı çıxaraq bildirirlər ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycana qarşı qərəzli mövqe qəbuledilməzdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib. O bildirib ki, Avropa mühafizəkarları və islahatçılar qrupundan olan deputat Kristian Terheşin kəskin bəyanatla çıxış edərək AP-də ikili standartlar siyasətinə son qoymağa çağırıb. Onun fikrincə, AP əməkdaşlıq etmək əvəzinə müxtəlif dövlətləri, o cümlədən Azərbaycanı ittiham edərək qurumdan kənarlaşdırır. Azərbaycan Milli Məclisinin Avropa Parlamentindən çıxmaq haqqında qərarı və bəyanatı AP üçün ciddi siqnal olmalıdır.
“Avropalı deputat xüsusi diqqəti ona yönəldib ki, məhz hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır. Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər. Bu fondа AP-nin hərəkətləri siyasi cəhətdən uzaqgörən görünmürdü. O, həmçinin Avropa siyasətinin ümumi üslubunu tənqid edib. Daimi ideoloji qınama, bəhanə axtarmaq, obyektiv olmayan bəyanatlar xarici siyasət deyil. Bu, siyasi səbatsızlıq və geosiyasi intihardır”, - deyə siyasi ekspert avropalı deputatın fikirlərini xatırladıb. Onun sözlərinə görə, K.Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: “Biz Gürcüstan və digər dövlətlərlə bağlı da eyni dinamikanı müşahidə edirik. Onlar ikili standartlar və təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqından getdikcə daha çox uzaqlaşırlar”.
Z.İbrahimov vurğulayıb ki, AP-nin açıq-aydın şəkildə regiona müdaxilə edən qruplarına qarşı çıxışlar tədricən artacaq: “Bir sıra avropalı deputatlar aydın şəkildə başa düşür ki, təmsil olunduğu qurum kimlərinsə əlində təzyiq vasitəsinə çevrilib və bunun sonu heç də inteqrasiya deyil, qurumun süqutunu ilə nəticələnəcək. Avropa strukturlarının icra mexanizmləri bu qərara ciddi yanaşmırlar. Ona görə də Azərbaycan Avropa strukturları ilə əməkdaşlığı davam etdirəcək. Lakin regiondakı sülh prosesinə mane olmağa cəhdlər olsa, rəsmi Bakının cavabını alacaqlar”. Ekspert bildirib ki, Azərbaycan Avropaya inteqrasiya siyasətini həyata keçirərək sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq və inkişaf arzusunda olub. Əgər bunların əvəzinə qərəzlə qarşılaşacaqsa, onda əməkdaşlığın nə faydası var?