Müstəqillik Günü münasibətilə “AzərEnerji”nin Tədris Mərkəzində master-klas təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
28 May – Müstəqillik Günü münasibətilə “AzərEnerji” ASC-nin Tədris Mərkəzində gənc kadrlar üçün master-klas keçirilib.
“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, tədbirdə 1918–1920-ci illərdə Azərbaycanda elektrik enerjisi sahəsinin vəziyyətinə nəzər salınıb, xaricdə təhsil almağa göndərilən ilk tələbələr arasında energetika sahəsi üzrə mütəxəssislərin də yer aldığı xüsusi vurğulanıb.
Eyni zamanda, XX əsrin sonlarında müstəqilliyimiz bərpa olunduqdan sonra, xüsusilə son illərdə Azərbaycanın elektroenergetika sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən strateji layihələr və müasir enerji sisteminin inkişaf istiqamətləri barədə təqdimatlar olub. Bildirilib ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji sistemi dayanıqlığının artırılması, rəqəmsal idarəetmə həllərinin tətbiqi və bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası istiqamətində mühüm işlər görülür.
Tədbirdə qeyd olunub ki, müasir çağırışlara uyğun peşəkar və innovativ düşüncəli gənc kadrların hazırlanması “AzərEnerji” ASC-nin prioritet istiqamətlərindən biridir. Master-klass interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.