Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir
Bakı, 26 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu 2026-cı il üzrə doktoranturaya qəbul elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qəbul Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına zoologiya ixtisası üzrə 1 yer əyani, 1 yer qiyabi, entomologiya ixtisası üzrə 1 yer qiyabi, parazitologiya ixtisası üzrə 1 yer əyani və 1 yer qiyabi, biokimya ixtisası üzrə 1 yer əyani, insan və heyvan fiziologiyası ixtisası üzrə isə 1 yer əyani olmaqla qəbul aparılır. Bununla yanaşı, insan və heyvan fiziologiyası ixtisası üzrə 1 yer olmaqla ödənişli əsaslarla da qəbul elan olunub.
Qeyd edilib ki, doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada portal.edu.az üzərindən iyunun 9-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün namizədlərdən elmi müəssisə rəhbərinin adına ərizə, şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, fotoşəkil, əmək fəaliyyəti ilə bağlı sənədlər, xasiyyətnamə, elmi işlərin siyahısı və ya referat, ali təhsil haqqında diplomun notarial təsdiqli surəti, şəxsiyyət vəsiqəsinin surəti, həmçinin mövcud olduğu halda beynəlxalq xarici dil sertifikatı tələb olunur.
Bildirilib ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq sertifikata malik şəxslər qəbul imtahanının xarici dil mərhələsindən azad edilirlər. Beynəlxalq dil sertifikatlarının keçid balına uyğunluğu Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.