Sərxan Xavəri: Türk dünyası elm və texnologiyaya xüsusi önəm verməlidir
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərəfdaşı olduğu Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, hazırda Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri türk xalqları arasında sosial, iqtisadi, mədəni, siyasi, elmi və təhsil sahələrində inteqrasiyanın daha da dərinləşdirilməsidir. O qeyd edib ki, müasir dövrdə yüksək texnologiyalar, innovasiya və elmi potensial dövlətlərin inkişafını müəyyən edən əsas amillərdəndir. Qloballaşan və rəqəmsallaşan dünyada layiqli mövqe tutmaq istəyən Türk dünyası elmə, təhsilə və yüksək texnologiyalara xüsusi önəm verməlidir.
Sərxan Xavəri vurğulayıb ki, müasir dünyanın əsas çağırışlarından biri kosmik texnologiyalar, süni intellekt, rəqəmsal transformasiya, innovasiya və yüksək elmi potensial uğrunda gedən rəqabətdir. O bildirib ki, Türk dünyasının gələcəyi yalnız ortaq tarixdə deyil, həm də ortaq elmi potensialda, ortaq innovasiya mühitində və ortaq texnoloji gələcəkdə formalaşacaq.
Sərxan Xavəri Azərbaycan ilə Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafının xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. O qeyd edib ki, sərgi yalnız elmi nailiyyətlərin nümayişi deyil, eyni zamanda, ortaq türk gələcəyinin intellektual təməllərinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır.