117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə səsverməni 837 yerli müşahidəçi izləyəcək
Oğuz, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin seçki məntəqələri fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə tam hazırdır.
Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairənin tərkibinə daxil olan 63 seçki məntəqəsinin 40-ı Oğuzda, 19-u Qəbələdə, 4-ü isə Şəki rayonu ərazisində yerləşir. Səkkiz məntəqədə veb-kamera quraşdırılıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 513 seçici qeydə alınıb. Onlardan 3903 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 801 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə yaşı 100-dən artıq olan seçicilərin sayı 2 nəfərdir. Səsvermə prosesini 837 nəfər yerli müşahidəçi izləyəcək. Dairə üzrə 419 vətəndaşa qeydiyyatdançıxma vəsiqəsi verilib.
Dairənin tərkibində olan 32 saylı seçki məntəqəsi Oğuz şəhər 2 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri İsmayıl Məşədiyev bildirib ki, 1287 seçicinin qeydə alındığı bu məntəqədə 13 nəfər ilk dəfə səs verəcək. Bu gənclərdən Mustafayeva Nigar Elbrus qızı prezident seçkiləri günü ikiqat sevinc hissi yaşayacaq. Belə ki, fevralın 7-də onun 18 yaşı tamam olacaq.
Dairənin 33 saylı seçki məntəqəsinin komissiya üzvləri də bu məsul kampaniyaya ciddi hazırlaşıblar. Məntəqə seçki komissiyasının sədri Səyyaf Abbasov qeyd edib ki, məntəqə üzrə seçicilərin sayı 1413 nəfərdir. Onlardan 80 nəfəri ilk dəfə səs verəcək. Seçicilərin 22 nəfəri 80-100 yaş arasındadır. Ən yaşlı seçici Şabanov Xalid Şərif oğlunun isə 93 yaşı var. Məntəqə üzrə 15 vətəndaşa qeydiyyatdançıxma vəsiqəsi verilib.