ELM VƏ TƏHSİL
Musiqi ifaçıları ədəbi dil normalarının gözlənilməsinə daha həssas yanaşmalıdırlar

Bakı, 19 oktyabr, AZƏRTAC
Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən mətbuat konfransında səslənib.
Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Akademik Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, bu mövzu ilə bağlı əlaqədar müvafiq görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.
İnstitutun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.
Daha sonra institutun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva musiqiçilərin ifasında müşahidə olunan dil qüsurları və monitorinqlərin nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu sahədə aparılan monitorinqlər göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunlar nəzərə alınaraq musiqi ifaçıları ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar.