CƏMİYYƏT


IDEA İctimai Birliyi gənclər arasında sağlam qidalanmanın təbliğatına başlayır

Bakı, 2 mart, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə orta məktəblərdə sağlam qidalanmanın təbliğatı üzrə layihəyə start verilib.

Belə ki, IDEA İctimai Birliyi tərəfindən gənclər arasında sağlam və məsuliyyətli qida istehlakı vərdişlərinin təbliğ edilməsi məqsədilə Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri üçün bu mövzuda maarifləndirici təqdimatlar təşkil ediləcək. İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan Gənclər Fondu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə həyata keçirilir.

Məlumdur ki, düzgün və yetərli qidalanma insanların rifahı, xüsusən də gənclərin sağlam inkişafı, onların potensialının üzə çıxarılması üçün əsas şərtlərdən biridir. Eyni zamanda, məsuliyyətli və dayanıqlı ərzaq istehlakının ətraf mühitin qorunması və nəticə etibarilə gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi baxımından vacibliyi də qeyd olunmalıdır.

İlk təqdimatlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təşkil edilib. Təqdimatlar interaktiv və əyləncəli şəraitdə keçib, uşaqların geniş marağına səbəb olub. Şagirdlər sağlam pəhrizin nə olduğunu, pis qidalanmanın bədən və beynin inkişafına necə təsir etdiyini, məsuliyyətsiz istehlakçılığın planetimizə necə təsir etdiyini öyrənib və digər faydalı məlumatlar əldə ediblər.

Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə respublikamızda ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində çoxsaylı layihələr həyata keçirilir. IDEA İctimai Birliyi tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin Azərbaycanda təşviq edilməsi üzrə UNDP, FAO, UNICEF və s. tərəfdaşlarla birgə tədbirlər həyata keçirilir, gənclərin məktəb yaşlarından başlayaraq dayanıqlılıq haqqında məlumatlandırılması və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların rolunun artırılması məsələsinə xüsusi diqqət yetirilir.

IDEA İctimai Birliyi uşaqları orqanizm üçün çox zərərli “fastfud”ların əvəzinə sağlam qidaya üstünlük verməyə, valideynləri isə övladlarının sağlam və düzgün inkişafı naminə bu mövzuda diqqətli olmağa çağırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.