SİYASƏT
Pekində Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub VİDEO
Pekin, 30 may, AZƏRTAC
Azərbaycan-Çin münasibətlərinin genişlənməsində yüksəksəviyyəli səfərlərin rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı və səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü həm ikitərəfli əlaqələrin, həm də sözügedən təşəbbüs çərçivəsində əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici əlaqələr komitəsinin sədri Can Yesuy, Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr departamentinin nazir müavini statusunda rəis müavini Çien Honşan, Çin Xarici İşlər nazirinin müavini Can Hanhuy ilə görüşlərində vurğulanıb.
R.Həsənov Azərbaycan tərəfinin Prezident İlham Əliyevin 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna dəvət edilməsini ölkəmizin başçısına və Azərbaycana olan hörmətin və dost münasibətin təcəssümü kimi qiymətləndirdiyini deyib.
Görüşlərdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafının hər iki tərəfin maraqlarına uyğun olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan ÇXR ilə ikitərəfli münasibətlərinə xüsusi önəm verir və bu münasibətlərin bütün sahələrdə dərinləşməsində maraqlıdır. Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir.
Görüşlərdə dövlət başçıları İlham Əliyev və Si Cinpinin münasibətlərimizin inkişafı ilə bağlı müəyyən etdiyi hədəflərə nail olunması istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, dövlət başçıları arasında əlaqələrimizin inkişafına dair əldə edilmiş siyası razılaşmalar iqtisadi-ticari əlaqələrimizin inkişafına, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat-logistika, energetika, turizm, elm-təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə və ciddi nailiyyətlər əldə etməyimizə təkan verib.
İki ölkə arasında münasibətlərin dərinləşməsində qanunverici orqanların, hakim partiyaların, müxtəlif dövlət qurumlarının qarşılıqlı faydalı əməkdaşlığının vacibliyi vurğulanıb.
Görüşlərdə iki ölkənin müxtəlif bölgələri və şəhərləri arasında birbaşa əlaqələrin genişlənməsinin əhəmiyyətindən söz açılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin