SİYASƏT
Muxtar Tleuberdi: Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici körpü rolunu oynayır VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Hazırda Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yüksəksəviyyəli və qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi deyib.
Nazir qeyd edib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu əməkdaşlıq bu gün də davam etdirilir. “Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksəksəviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda, ölkələrimizin parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkə arasında ticarət əlaqələri genişlənir, eyni zamanda, qarşılıqlı investisiyaların həcmi artır. Biz, həmçinin tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır”, - deyə Muxtar Tleuberdi bildirib.