REGİONLAR
“Vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət - Göyçay DAİM-dən REPORTAJ VİDEO
Göyçay, 14 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycanda Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) formalaşdırılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
AZƏRTAC xəbər verir ki, digər rayonlarda olduğu kimi, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində də Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə müxtəlif xidmətlər göstərilir.
DAİM-in sektor müdiri Famil Nəbiyev bildirib ki, mərkəz rayonda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına uyğun təşkilini və göstərilməsini təmin edir. “Mərkəzimiz tərəfindən aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görülür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsi təşkil edilir. Əməkdaşlarımız daim yerlərdə olur, fermerlərin, kənd sakinlərinin iştirakı ilə məsləhət-tövsiyə xarakterli tədbirlər keçirilir”, - deyə Famil Nəbiyev qeyd edib.
Onun sözlərinə görə, Göyçayda əkinəyararlı olan 30583 hektar torpaq sahəsi var. Bu ərazilərin 14075 hektarında payızlıq taxıl əkini aparılıb. Bundan əlavə, rayon ərazisində 6200 hektar meyvə bağları mövcuddur. 6150 hektar ərazidə yonca əkilib.
Rayonda 36000 baş iribuynuzlu, 58000 baş xırdabuynuzlu heyvan mövcuddur. 2019-cu ildə 5448 baş inək və düyə süni yolla mayalandırılıb. Bundan başqa Göyçayda 274 arıçının 6257 arı ailəsi var. 2019-cu ildə 351 kümçü tərəfindən ipəkqurdu bəslənərək 16557 kiloqram barama təhvil verilib.
DAİM-in əməkdaşları hər biri fermerin, sahibkarın yanında olur, onlara keyfiyyətli və bol məhsul istehsalı üçün məsləhətlərini verirlər. Bu isə məhsuldarlığın artmasında önəmli rol oynayır. Məhsuldarlığın artması əhalinin ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, fermerlərin maddi gəlirlərinin artmasına da səbəb olur.
Famil Nəbiyev fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) olan marağından da danışaraq bildirib ki, indiyədək 7661 fermer DAİM-də elektron qeydiyyatdan keçib, 6555 nəfər əkinlərini bəyan edib.
Bu sistemin üstünlüklərindən danışan sektor müdiri bildirib ki, EKTİS-in tətbiq olunması nəticəsində fermerlər əkin subsidiyalarını artıq təsərrüfat ilinin sonunda deyil, əvvəlində alacaqlar. Bu da əkin prosesində xərclərin mühüm bir hissəsini qarşılamağa şərait yaradacaq. Eyni zamanda, fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma etmək məcburiyyətində qalmayacaqlar.
Fermerlər yeni sistemdə yaratdıqları elektron kabinetlər vasitəsilə Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına günün 24 saatında müraciət göndərmə imkanı əldə edirlər. Bu, fermerlərə onlara göstərilən dövlət dəstəyi üzrə ilkin mənbədən dürüst məlumat əldə etməyə imkan verəcək. Hazırda fermerlərin elektron sistemdə bəyan etdikləri torpaq sahəsi və payızlıq əkin məlumatlarının yoxlanılması prosesi gedir. Proses yekunlaşan kimi təsdiqlənmiş yekun bəyan məlumatları əsasında subsidiyaların “Fermer kartı”na köçürülməsi prosesi başlayacaq. Fermerlər karta köçürülmüş subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra biləcəklər. Qalan 75 faiz isə qeyri-nağd ödəmələr şəklində gübrə, pestisid, toxum, ting və s. alınmasında, aqrar xidmətlərə dair ödənişlərin edilməsində istifadə oluna biləcək. Hazırda EKTİS-də bu məhsulları təmin edən təchizatçıların qeydiyyatı prosesi davam edir.
Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunub. Əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdir.