MƏDƏNİYYƏT
Cellul Bequra: Azərbaycanın digər müsəlman ölkələrindən fərqi dini müxtəlifliyin zəngin olmasıdır VİDEO
Paris, 15 fevral, AZƏRTAC
Azərbaycan bizim üçün kəşf idi. İnanıram ki, bu, “France 2” televiziya kanalının izləyiciləri üçün də belə olacaq. Çox əsrlik mədəni irsi və tarixi olan bu ölkədə mədəni və dini müxtəliflik, sivilizasiya zənginliyi fövqəldir. Azərbaycan məhz bu səciyyəvi xüsusiyyətləri ilə diqqəti daha çox cəlb edir.
Bu fikirləri ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerasından sonra “France 2” televiziya kanalının “İslam” verilişinin, eləcə də filmin prodüseri Cellul Bequra (Djelloul Beghoura) AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, filmin çəkilişi zamanı ölkəmizin mədəniyyətinin nə qədər qədim kökləri olduğunun şahidi olub. İnsanlarla kommunikasiyada ölkəmizdə mədəniyyətin, təhsilin, tolerantlığın, dünyaya açıqlığın yüksək səviyyəsini görüblər.
“Azərbaycanın digər müsəlman ölkələrindən fərqi dini müxtəlifliyin zəngin olmasıdır. Böyük monoteist dinlərlə bərabər, burada dünyanın heç bir yerində olmayan udi, molokan kimi dini icmalarla görüşdük. Ravinin məscidə sərbəst daxil olması, imamı dostu deyə çağırması, eləcə də digər dinlərin nümayəndələrinin ibadət yerlərinə sərbəst daxil olmaları, müxtəlif dinlərin nümayəndələrinin belə mehriban münasibətləri Azərbaycanın özəl xüsusiyyətləridir. Bunu yalnız bu ölkədə görmək olar. Bunlar ölkənin tarixindən gəlir, bu gün yaranmayıb. Bu münasibətlərin səmimiliyi hər kəsi təsirləndirir. Bu palitra xalqın kimliyini təcəssüm edir”, - deyə C.Bequra vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris