1436 ÖZƏL ŞİRKƏT ƏLAVƏ DƏYƏR VERGİSİ ÖDƏYİCİSİ HÜQUQUNDAN MƏHRUM EDİLMİŞDİR
Vergilər nazirinin müavini Natiq Əmirov çıxışında bildirmişdir ki, hazırda ƏDV üzrə vergilərdən yayınma halları bu sahədə vergi hüquqpozmaları həcminin 90 faizdən çoxunu təşkil edir. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ƏDV yığımı hesab-faktura vasitəsilə 2001-ci ildən aparılır və elə həmin vaxtdan bu sahədə problemlər yaranmışdır. Bəzi işbazlar birgünlük müəssisələr yaradaraq, onların vasitəsilə hesab-fakturaları ilə əməliyyatlar aparmış, ƏDV-dən, ölkənin büdcəsinə böyük vəsaitin ödənilməsindən yayınmışlar. Vergilər Nazirliyinin müvafiq xidmətlərinin 2001-2005-ci illərdə apardıqları araşdırmalar nəticəsində ƏDV-dən yayınan 17 trilyon denominasiya olunmamış manat aşkar edilmişdir. Bu dövr ərzində 3 trilyon manatdan çox ƏDV ödənilməsindən yayınma faktlarının qarşısı alınmışdır. Lakin bu hüquq pozuntularının aşkara çıxarılması ƏDV-nin ödənilməsi və vəsaitin dövlət büdcəsinə köçürülməsi probleminin həlli demək deyildir.
Nazir müavininin sözlərinə görə, bütün bu hüquq pozuntuları onkoloji xəstələrin və müəyyən yaşayış yeri olmayan şəxslərin adına qeydiyyata alınmış birgünlük firmalar vasitəsilə həyata keçirilmişdir. Onlar vergi orqanları tərəfindən aşkar edildikdə məlum olmuşdur ki, firmaların guya həmtəsisçiləri olan bu adamlar ya vəfat etmişlər, yaxud da yaşadıqları yer bilinmir.
Vergilər Nazirliyi hüquq pozuntuları ilə mübarizəni gücləndirmək məqsədi ilə 2003-cü ildən ölkə qanunvericiliyinə intensiv dəyişikliklər etməyə başlamışdır. İşbazlar Vergi Məcəlləsinin natamamlığından istifadə edərək, - Məcəllədə qanunu pozan firmaların fəaliyyətinə vergi orqanları tərəfindən xitam verilməsi və fırıldaqçıların məsuliyyətə cəlb olunması barədə maddə yox idi, - ƏDV-yə hesab-fakturaları təqdim edirdilər.
Vergilər Nazirliyi ƏDV-nin ödənilməsi sistemində hüquq pozuntularının dövlətin iqtisadi əsaslarına zərər verdiyini nəzərə alaraq, bu məsələnin müzakirəsi və müvafiq tədbirlər görülməsi məqsədi ilə hökumətə müraciət etmişdir. Beynəlxalq Valyuta Fondundan texniki yardım istənilmiş, əlaqədar nazirliklər və idarələrlə danışıqlar aparılmışdır. Düzəlişlər parlamentin müzakirəsinə çıxarılmış və qanunverici orqan onları təsdiq etmişdir.
Vergi Məcəlləsinə düzəlişlər 2006-cı ilin yanvarında qüvvəyə mindikdən sonra işbazlar artıq ƏDV üzrə fırıldaq işlətmək üçün qanunvericilikdə yol tapa bilməyəcəklər. N.Əmirovun sözlərinə görə, düzəlişlər qüvvəyə mindiyi qısa müddət ərzində vergi orqanları 1436 şirkəti ƏDV ödəyicisi hüququndan məhrum etmişlər. Bu şirkətlərin siyahısı nazirliyin saytında açıqlanacaqdır. Bundan əlavə, dövlət orqanlarına, özəl şirkətlərə bu barədə məlumat veriləcəkdir. Hazırda digər şirkətlərin fəaliyyəti də yoxlanılır. Pozuntular aşkar olunarsa, onlara qarşı da sərt tədbirlər görüləcəkdir.
Bundan əlavə, ƏDV ödəyicisi olmaq üçün ərizə vermiş şirkətlərin fəaliyyəti bir ay ərzində əsaslı yoxlanılacaqdır.