15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçilik tariximizin başlanğıcı günüdür
Bakı, 12 iyun, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu. 1990-cı illərin əvvəlində, gərgin bir zamanda yalnız nominal şəkildə özünü müstəqil aparmağı bacaran, reallıqda isə böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu bir müstəvidə de-fakto suverenlik hüquqlarından məhrum olan Azərbaycanın bugünkü müstəqil, müasir və qüdrətli dövlətə çevrilməsi prosesi dövlətçilik tariximizin qızıl hərflərlə yazılan səhifələri sayıla bilər. Məhz belə bir çətin durumda, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçılar və naqislərin fəaliyyəti nəticəsində bölünməsi əsnasında ulu öndər Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və uçurumdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, çətinliyi, məsuliyyəti Ulu Öndərimizin, şərəfi və bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran ulu öndər Heydər Əliyev Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin də əsasını qoydu. Bu, vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsasının qoyulduğu gün idi.
Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “15 İyun - Milli Qurtuluş Günü müstəqil dövlətçilik tariximizin başlanğıcı günüdür” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Ulu Öndər xalqımızın keçmişini, öz milli dəyərlərinə bağlılığını çox yüksək qimətləndirirdi. Odur ki, öz milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə dövlətin gələcək təminatını müəyyənləşdərən Ulu Öndər daxili siyasətin əsas prioritetlərindən biri kimi, ailə, qadın və uşaq siyasətinin yol xəritəsini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdi. Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca böyük əhəmiyyət kəsb edir. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub, Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", habelə 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib.
Dövrümüzdə Azərbaycan qadını ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi, 2006-cı ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı buna bariz nümunədir. O cümlədən Azərbaycan 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulub. Ölkəmiz, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı, “Analığın mühafizəsi haqqında” 103 saylı , “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı BƏT konvensiyalarını və 1957-ci il 29 yanvar tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul edib. Ümumiyyətlə, yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyevin xalqı, Vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxartmaq mümkün deyil. O, xalqımız qarşısında nümunəyə çevrilib. Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləyib, mühüm nailiyyətlər əldə edib, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir.
XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizini zəbt etməsi ilə bir sıra xoşagəlməz, mənfi sosial hadisələrin baş verməsi, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətində olduğu bir vaxta ölkə Prezidenti İlham Əliyevin bu sahədə atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Bu baxımdan düşünürəm ki, dövlətçiliyimizi sarsıtmaq istəyən, təxribatçı qüvvələr öz istəklərinə nail ola bilməyəcəklər. Xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib və xalqımıza belə çətin pandemiya dövründə özlərinin təhlükəsizliyi baxımından məsuliyyətli, təxribatçı informasiyalara uymamağa, təmkinli və ehtiyatlı olmağı arzulayıram.