CƏMİYYƏT
Türkiyədən gələn klinik psixoloqlar Gəncə və Bərdə şəhərlərində də fəaliyyətə başlayacaqlar VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərdən ibarət qrup fəaliyyətini uğurla davam etdirir. Qrupun üzvləri artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyədən olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı ilə yanaşı, fevraldan etibarən Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.
Bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün FHN-in 112 - qaynar telefon xəttinə zəng edə bilərlər.
Psixoloq-mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir.