Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Məmmədov saxlanılıb. Onun üzərinə və Xırdalan şəhərində yaşadığı evə baxış zamanı çəkisi 2 kiloqram 145 qram olan heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, A.Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədilə ondan alıb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən olunması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.