CƏMİYYƏT
Bu gündən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək məqsədilə “YAŞAT” Marafonuna start verilir VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
Bu gündən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonuna start verilir.
Marafonun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
E.Hüseynovun sözlərinə görə, mayın 25-də saat 21:00-da “YAŞAT” Marafonu videoyayım formatında təşkil ediləcək: “Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş etdiriləcək. Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar. Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq”.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev isə bildirib ki, bu ilin əvvəllərindən “YAŞAT” Fondu ilə bir çox görüşlər keçirilib və məsləhətləşmələr aparılıb: “Qərara gəldik ki, bu prosesə dünya azərbaycanlılarını da cəlb edək. Bu baxımdan marafonun keçirilməsini qərarlaşdırdıq. Bu gündən marafona start verilir. Bir ay müddətində biz müxtəlif səfirlər, tanınmış insanlar vasitəsilə xaricdəki diaspora nümayəndələrinə müraciətlər edəcəyik. Videoçarxlar çəkiləcək, müxtəlif kampaniyalar aparılacaq. Son nəticə olaraq mayın 25-də televiziya vasitəsilə proses həyata keçiriləcək.
Təkcə müharibə dövründə və müharibədən sonra deyil, hər zaman şəhidlərimizin ailələri və qazilərimiz, onların sosial problemləri bizim üçün prioritet olmalıdır. Ona görə də bu prosesi bir marafonla yekunlaşdırmaq fikrində deyilik. Gələcəkdə də bunu davam etdirmək və ənənəvi hala çevirmək niyyətindəyik. Düşünürəm ki, bu, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün çox əhəmiyyət kəsb edəcək”.
Sonra marafona dair videoçarx yayımlanıb, kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.