Paytaxt ərazisində qapalı məkanlarda və ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən reydlər keçirilib VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Suraxanı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, qoruyucu tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Qoruyucu tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis əməkdaşları həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, qoruyucu tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Analoji tədbir paytaxtın Binəqədi rayonunda da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı pandemiya qaydalarına əməl etməyən xeyli şəxs aşkarlanıb və onlarla profilaktik söhbətlər aparılıb. Pandemiya qaydalarına uyğun olaraq, ictimai nəqliyyatda sərnişinlərin qoruyucu tibbi maskadan istifadə etməsinə birbaşa nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlarımızdan bir daha xahiş və tələb edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.