Tovuzda sanitar-karantin qaydalarını pozan 145 nəfər şəxs məsuliyyətə cəlb edilib VİDEO
Tovuz, 28 avqust, Elcan Məmmədov, AZƏRTAC
COVID-19 infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalı, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır.
Aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində fəaliyyətində karantin qaydalarına riayət edən obyekt sahibləri ilə bir daha maarifləndirici-izahedici görüş keçirilib. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 130 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.
İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, taksi və avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 15 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.