Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb VİDEO











Gəncə, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılaraq ŞBPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kiloqram 895 qram qurudulmuş marixuana aşkar olunub.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Tərlan Hüseynov saxlanılan zaman onun üzərindən heroin aşkarlanıb.
Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşları da qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Mehti Məmmədovun üzərindən heroin aşkar edib. İdarə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Pərvin Sadıqov saxlanılan zaman isə ondan heroin aşkarlanıb.
Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları isə qanunsuz olaraq narkotik maddə olan metamfetamin və marixuana əldə edib saxlamaqda şübhəli bilinən Vidadi İsgəndərovu saxlayıb. Saxlanılan şəxsin yaşadığı evindən də marixuana aşkar olunub.
ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Rasim Qasımov saxlanılıb. Polis İdarəsində üzərindən qurudulmuş marixuana aşkar edilən Rasim Qasımov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 1 kiloqramdan çox qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edək ki, ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.