Füzulidə “Şəhidlər bulağı” istifadəyə verilib VİDEO
Füzuli, 30 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunub. Yeni istifadəyə verilən bulağın açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni istifadəyə verilən “Şəhidlər bulağı” 2 saylı Zobucuq qəsəbəsində Cəfərli İsa Əli oğlu, Məmmədov Vüsal Qüdrət oğlu və Paşayev Elgün İlham oğlunun xatirəsinə inşa edilib.
Açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, şəhid ailələri, qəsəbə sakinləri iştirak ediblər. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı.
Həmçinin bildirilib ki, şəhid Əli Cəfərli avqustun 29 dünyaya göz açıb. Hələ uşaqlıq çağlarında hər zaman torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşayıb. Həqiqi hərbi xidmətə yollananda da “biz gənclər düşmən tapdağında olan yurdumuzu xilas edəcəyik” deyə söyləyib. Vətən müharibəsi zamanı döyüşə ilk atılanlar sırasında yer alıb. Suqovuşan uğrunda gedən gərgin döyüşlər zamanı Əli şəhidlik zirvəsinə ucalıb.
Sonra tədbir iştirakçıları Əli Cəfərlinin məzarını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.