CƏMİYYƏT
Binə qəsəbəsində avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb VİDEO

Bakı, 30 avqust, AZƏRTAC
Xəzər rayonunun Binə qəsəbəsinin qadın sakini Daxili İşlər Nazirliyinin (DİN) 102 - Xidməti Zəng Mərkəzinə məlumat verərək avqust 27-də evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qalması barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini, bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını qeyd edib. Qadın pul kisəsinin içində 60 manat məbləğində pul, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əməkhaqqı kartının olduğunu vurğulayıb.
Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanıb. Həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş T.Mirzəyev həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq tədbirləri davam etdirilir. T.Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə məlumat verə bilərlər.