Qubada 18 yaşında şəhid olan axıska türkü Batdal Bayraqdarovun xatirəsi əbədiləşdirilib
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Ağbil kəndində Vətən müharibəsi şəhidi Batdal Bayraqdarovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, yerli hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Batdal Bayraqdarovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Batdal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində axıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Batdal cüdo üzrə bir sıra turnirlərin qalibi olub. Məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinə qəbul olunsa da, atasının səhhətinə görə ali təhsil ala bilməyib. Hərbi xidmətə yollanan Batdal xidmət müddətində seçilən əsgərlərdən olub.
On səkkiz yaşlı Batdal Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edib. Oktyabrın 10-da Füzuli şəhəri istiqamətində gedən şiddətli döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bulaq kompleksinin açılışından sonra şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.