REGİONLAR
Qubada Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi anılıb
Quba, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Qımıl kəndində Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, yerli hüquq- mühafizə orqanlarının rəhbər şəxsləri, döyüş yoldaşları və kənd sakinləri şəhidin ailəsi ilə görüşüb və xatirəsinin əbədiləşdirildiyi bulaq kompleksini ziyarət ediblər.
Şəhid Nuran Mirzəyev 27 iyul 1999-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Nuran Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətdə fərqləndiyinə görə" medalları ilə təltif olunub.