1991-ci il Konstitusiya Aktı: suverenliyin və dirçəlişin rəmzi - dəyirmi masa
Bakı, 17 oktyabr, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “1991-ci il Konstitusiya aktı: suverenliyin və dirçəlişin rəmzi” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu imzaladığını, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edildiyini xatırladıb. O, həmçinin 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzaladığını qeyd edib. İlqar Niftəliyev çıxışında 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktının elan edilməsi, 1995-ci ildə Konstitusiyanın qəbulu, 2020-ci il Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi haqqında danışıb. Bildirib ki, artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar olub.
Daha sonra “1990-1991-ci illər hadisələri fonunda Konstitusiya Aktının tarixi əhəmiyyəti”, “Azərbaycan Respublikasında vətəndaş həmrəyliyinin təşəkkülü” və “Azərbaycan Respublikasının Konstitusiyasında suverenlik və ərazi bütövlüyü məsələsi” mövzularında məruzələr dinlənilib. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.