2008-Cİ İLİN PEKİN OLİMPİADASI KƏPƏNƏKLƏRİN HƏMLƏSİ TƏHLÜKƏSİ QARŞISINDADIR
Meriyanın rəsmi nümayəndəsi Sao Sinyao demişdir ki, kəpənəklər Çinin bioloji təhlükəsizliyinə qorxu törədir və Pekində “yaşıl” Olimpiada keçirilməsi vədlərinin yerinə yetirilməsi prosesini çətinləşdirir. Ölkə ərazisində geniş yayılmış ağac, kol və bitkilərin 300-dək növü böyük iştahası ilə seçilən bu həşəratın “ürəyinə yatmışdır”. Şəhərin baş mühəndisi Van Szyan isə bildirmişdir ki, təcili tədbirlər görülməsə, “yaşıl” Olimpiada “qəhvəyi” rəngə çalacaqdır.
Amerika kəpənəkləri Çində ilk dəfə hələ 1979-cu ildə Lyaonlin əyalətində aşkar olunmuşdu. Lakin onların Çin paytaxtına axını 2005-ci ildə təhlükəli miqyas almışdır. Əgər bir il əvvəl kəpənəklər paytaxt ətrafındakı yalnız 90 kənddə qeydə alınmışdısa, bu ilin əvvəllərində təxminən min yaşayış məntəqəsi onların hücumuna məruz qalmışdır.
Olimpiadanın “yaşıl” rəngi oyunların keçirilməsinə Pekinin əsas vədlərindən biri idi. Çin məmurları kəsif havadan boğulan paytaxtın ekologiyasını yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görüləcəyini vəd etmişdilər. Paytaxt hökuməti havanın çirklənməsinə qarşı, ilk növbədə, şəhəri yaşıllaşdırmaq yolu ilə mübarizə aparmaq istəyirdi. Lakin Amerika kəpənəklərinin hücumu bu prosesi ləngidə bilər.