20 YANVAR FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCANIN ÇİNDƏKİ SƏFİRLİYİNDƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Çindəki səfirliyinin və onun nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.
Səfir Yaşar Əliyev mərasimdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq siyasətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciə və bundan sonrakı hadisələr barədə ətraflı məlumat vermişdir.
Səfirlikdən bildirmişlər ki, Y.Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışmışdır. Diplomat qeyd etmişdir ki, 1990-cı ilin Qanlı Yanvar faciəsinə ilk siyasi qiyməti Heydər Əliyev vermişdir. Bakıda törədilən qırğının səhərisi günü - yanvarın 21-də ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və ölkəmizdə baş verən faciəni soyqırımı, Mixail Qorbaçov rejiminin irimiqyaslı və insanlığa qarşı terror aktı kimi qiymətləndirmişdir.
Səfir bildirmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “1990-cı ilin yanvarında Bakıda baş verən hadisələrə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edilmiş, ilk dəfə olaraq Qorbaçov klanı rəsmi şəkildə cinayətkar adlandırılmışdır.
Y.Əliyev demişdir ki, xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisin iclasında qəbul edilən qərarla 20 Yanvar hadisəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Azadlığımız uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan “Əbədi məşəl” kompleksi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.
Diplomat Prezident İlham Əliyevin bu gün həmin siyasəti uğurla davam etdirdiyindən, 20 Yanvar şəhidlərinin ailələrinə dövlət qayğısından, “Şəhidlər Xiyabanı” kompleksinin yenidən qurulmasından ətraflı söz açmışdır.
Daha sonra 20 yanvar hadisələrini əks etdirən “Azadlığa gedən yol” filmi nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları və onların ailə üzvləri, Pekində təhsil alan azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər.