QAN YADDAŞI
20 YANVAR HADİSƏSİ MÜSTƏQİLLİYİMİZ UĞRUNDA MÜBARİZƏNİN TƏMƏL DAŞIDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Məmməd Səid Ordubadinin ev-muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin direktoru Lalə Abaszadə, elmi işçi İradə Vəliyeva Respublika Gənc Turistlər Diyarçünaslıq Mərkəzinin direktor müavini Səlimə Allahverdiyeva və başqaları faciə ilə bağlı acı xatirələrini danışmışlar. Bildirilmişdir ki, o zamankı SSRİ rəhbəri Mixail Qorbaçov və onun ermənipərəst əlaltıları Bakıya qoşun yeritmiş, öz azadlığı və vətəndaş hüquqları uğrunda nümayişə çıxmış dinc əhali xüsusi amansızlıqla gülləbaran edilmişdir.
Qeyd edilmişdir ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş, ona göstərilən yüksək inam və etimadı layiqincə doğrultmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciəyə siyasi-hüquqi qiymət verilmiş, şəhidlərin abidə kompleksi yenidən qurulmuş, 20 Yanvarda təməli qoyulmuş müstəqilliyimiz əldə olunmuşdur. Qısa müddətdə ulu öndər Heydər Əliyev Azərbaycanı tənəzzül girdabından qurtarmış, demokratik inkişaf yoluna çıxarmışdır. Bu gün ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz böyük öndərinin müəyyən etdiyi yolla inamla irəliləyir.
Tədbirdə Xətai rayonunun 269 və 27 nömrəli orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.