20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİ TEHRANDA EHTİRAMLA YAD EDİLMİŞDİR
Tehran, 20 yanvar (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
İran rəsmilərinin, Tehranda fəaliyyət göstərən səfirliklərin təmsilçilərinin, paytaxt ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, şəhidlərimizin ruhuna Qurani-Kərimdən surə oxunmuşdur.
Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq səfirliyiə Tehrandakı idarə və müəssisələr, dövlət təşkilatları adından əklillər, gül çələngləri gətirilmişdi.
“Qanlı Yanvar-1990” sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı cinayətdən söz açmışdır. Qeyd etmişdir ki, Mixail Qorbaçovun başçılığı ilə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dəhşətli faciə ilə nəticələnmişdir. SSRİ hökumətinin həyata keçirdiyi bu qanlı olayın gerçəkləşməsində Azərbaycanın o vaxtkı rəhbərliyinin də əli olmuşdur. Faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. SSRİ-nin süqutundan sonra da Azərbaycanın o vaxtkı rəhbərliyi bu tarixi cinayəti törədənlərin adlarının açıqlamağa cəsarət etməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Seyid Kazım Musəvi şəhidlərimizin xatirəsnin İran ictimaiyyəti tərəfindən əziz tutulduğunu bildirmiş, Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlara Allahdan rəhmət diləmişdir. Azərbaycan ilə İran arasında dini, tarixi və mədəni ortaqlıqların olduğunu bildirən natiq qeyd etmişdir ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. İki dost və qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran S.K.Musəvi münasibətlərimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulamışdır.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini, erməni cəlladların törədikləri Xocalı soyqırımını, Dağlıq Qarabağ ətrafında cərəyan edən hərbi proseslərin ağır nəticələrini əks etdirən kitab və digər çap məhsullarından ibarət sərgiyə maraqla baxmışlar. Onlara 20 Yanvar faciəsi barədə buklet paylanmışdır.
Mərasim ehsan süfrəsi arxasında davam etmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
######
