QAN YADDAŞI
20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YADDAŞLARDAN HEÇ VAXT SİLİNMƏYƏCƏK
Yevlax, 19 yanvar (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Gənclər Birliyi 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Yevlax rayon təşkilatı aparatının rəhbəri Əli Quliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq hadisəsi kimi qiymətləndirmiş və bildirmişdir ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.
Çıxış edənlər Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən danışmış, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişlər.
Çıxışlarda şəhidlərimizin gənclərimiz üçün qəhrəmanlıq örnəyi olduğu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.
Tədbirdə 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə YAP rayon təşkilatı Gənclər Birliyinin fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.