20 Yanvar xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindəndir
Zaqatala-Qax, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 34 il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın şimal-qərb bölgəsi rayonlarında da ehtiramla anılıb.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala şəhərində əsaslı təmir olunmuş Şəhidlər Xatirə Kompleksinin önündə anım mərasimi keçirilib.
Rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.
Məruzə və çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Vurğulanıb ki, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa daim borcluyuq.
X X X
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qaxda da anım mərasimi keçirilib.
Qax Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində bildirilib ki, 20 Yanvar hadisələri müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıyır. Həmin hadisələrdən 34 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayət olaraq qalacaq.
Qeyd olunub ki, bu il 20 Yanvar faciəsinin ildönümünü yeni tarixi reallıqla, tarixi zəfərlərə imza atdığımız bir zamanda anırıq. Bundan sonra təqvimizdəki bütün matəm günləri alnıaçıq, qürurla anılacaq. O qanlı gecədən sonra sinəmizin Zəfər adlı məlhəmi var.
Mərasimdə mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.