QAN YADDAŞI
20 YANVAR XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİNİN QANLI SƏHİFƏSİDİR
Bakı, 19 yanvar (AZƏRTAC). 1990-cı ilin faciəvi yanvar hadisələrinin 20-ci ildönümü ərəfəsində hər yerdə həyatlarını Vətənin suverenliyi uğrunda qurban vermiş qəhrəman şəhidlərin xatirəsi anılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi ilə əlaqədar iclas olmuşdur. Dövlət komitəsinin sədri Hidayət Orucov həmin genişmiqyaslı faciənin tarixi və səbəblərindən ətraflı bəhs etmişdir.
Xüsusən qeyd edilmişdir ki, həmin faciə heç də təsadüfi və ani vaxtda baş verməmişdir. 20 Yanvar faciəsinin törədilməsinə uzun müddət hazırlıq görülmüşdür. Ermənistan öz sahiblərinin xeyir-duası ilə Azərbaycana qarşı məqsədli təcavüzkarlıq siyasəti yeritməyə başlamışdır.
Heydər Əliyevin o vaxtkı SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsi göstərdi ki, bundan sonrakı hadisələr əleyhimizə işləyəcəkdir. Aqambekyanın “Yumanite”də dərc etdirdiyi məqalə, Moskvanın adamı olan Vəzirovun Azərbaycana rəhbər təyin edilməsi, yerlərdə hakimiyyətsizlik, kütləvi çıxışların güclənməsi, güc strukturları tərəfindən talanların təşkil olunması, paytaxt sakinləri və qaçqınlar arasında qarşıdurmanın yaradılması - 20 Yanvar faciəsi ərəfəsindəki günlərin mənzərəsi belə idi.
Bakının küçələrində imperiyaya etiraz bildirənlər gülləbaran edildikdən bir gün sonra - yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bəyanatla çıxış etdi və həmin hadisələrə siyasi qiymət verdi. Xalqın təkidli çağırışı ilə Azərbaycana yenidən rəhbərliyə qayıdan Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Həmin dövrdə baş vermiş hadisələr öyrənilir və təhlil edilir, xalqımız hər il şəhidlərin ildönümü ilə əlaqədar anma tədbirləri keçirir.
Xalqımız unutmur ki, 20 Yanvar təkcə XX əsrin qanlı səhifəsi deyil, həmçinin Azərbaycan xalqının tarixinin qəhrəmanlıq salnaməsidir. Hər birimizin Vətənimizə fədakarcasına xidmət göstərməyimiz şəhidlərin xatirəsinə ən yaxşı ehtiram olar.
######