ELM VƏ TƏHSİL
İrpendə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi qeyd edilib VİDEO
İrpen, 26 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, diaspor rəhbərləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi və yerli media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub.
Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, İrpen şəhəri azərbaycanlılara doğmadır. Çünki bu şəhərdə Zərifə xanım Əliyevanın adını daşıyan park, küçə və məktəb mövcuddur. “Bu il Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi olduğundan daha çox əhəmiyyət kəsb edir. O təkcə görkəmli oftalmoloq-alim deyil, həm də Azərbaycan analarının rəmzidir. Bu anaların boya-başa çatdırdıqları oğullar Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında xüsusi rol oynayır. Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva həyat yoldaşı kimi Ümummilli Lider Heydər Əliyevə həmişə böyük dəstək olub”.
S.Rzayev vurğulayıb ki, müharibə dövründə də Azərbaycan Ukraynanın yanında olub, bütün bölgələrə, o cümlədən İrpen şəhərinə yardım edib.
İrpen şəhərinin meri vəzifəsini icra edən Aleksandr Markuşin qeyd edib ki, Zərifə xanım Əliyevanın adını daşıyan park şəhərdə ilk parkdır və Ukrayna vətəndaşlarının istirahət etdiyi gözəl məkanlardan biridir. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır. “Mən müharibə zamanı İrpenə dəstək göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə Markuşin əlavə edib.
Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, müharibə zamanı məktəb ciddi ziyan gördü. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir etdi. “Mən fəxr edirəm ki, Zərifə xanım Əliyeva kimi görkəmli alimin adına daşıyan məktəbdə çalışıram”, - deyə direktor vurğulayıb.
Sonra qonaqlar Zərifə Əliyeva adına 12 saylı orta məktəbə gələrək akademikin adını daşıyan muzeylə tanış olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen