Gəncədə 133 seçki məntəqəsində yüksək seçici fəallığı müşahidə olunur VİDEO
Gəncə, 7 fevral, AZƏRTAC
Gəncə şəhərində seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün bütün məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhəri üzrə 4 seçki dairəsi var. Bunlardan 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir.
Gəncə şəhəri üzrə səsvermə hüququ olan vətəndaşların sayı 180 min 582 nəfərdir. Şəhərin bütün məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur.
39 saylı Gəncə ikinci seçki dairəsinin 8 saylı məntəqəsinin sədri Kəmalə İsgəndərova deyib ki, Gəncədə səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunur. Həmçinin, səsvermə üçün gələ bilməyən vətəndaşların evinə səsvermə qutuları aparılacaq.
Səsvermə saat 19:00-da başa çatacaq.