REGİONLAR
Göyçayda daşınan seçki qutusu üçün 837 nəfər müraciət edib VİDEO
Göyçay, 7 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçay sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, ölkəmiz üçün mühüm siyasi kampaniya olan prezident seçkilərində fəallıq göstərirlər. Səhər saat 8:00-dan etibarən seçicilər mütəşəkkilliklə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.
91 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyasının sədri Eldəniz Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 50 məntəqə üzrə 50 min 831 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb, 5 məntəqədə veb-kamera quraşdırılıb.
Səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol verilmədən davam edir. Hazırda səsvermənin gedişini 567 nəfər yerli müşahidəçi izləyir. Daşınan qutu üçün müraciət edənlərin sayı isə 837 nəfərdir.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.