2 avqust - Azərbaycan Kinosu Günüdür
Bakı, 2 avqust (AZƏRTAC). Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 114-cü ildönümü tamam olur. Azərbaycan kino sənəti bu müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır.
Milli Kino Günü rəsmi bayramlar təqviminə 2000-ci il dekabrın 18-də xalqımızın ümummilli lideri Heydər Əliyev bu günün təsis edilməsi haqqında Sərəncam imzaladıqdan sonra daxil edilmişdir.
Lümer qardaşları 1898-ci il yanvarın 8-də incəsənətin bu növünü kəşf etdikdən iki il sonra Bakıda “Canlanmış fotoşəkillər” adı altında fransız filmləri nümayiş etdirilmişdir.
Həmin il iyunun 21-də “Teatr-sirk”də Bakı haqqında “Bakı bağında el gəzintiləri”, “Qatarın dəmir yol stansiyasına gəlməsi”, “Qafqaz və Merkuri”, “Paroxodun limandan getməsi”, “Bazar küçəsində səhər” filmləri nümayiş olunmuşdur. Bu filmləri fransız əsilli bakılı A.Mişon çəkmişdir. Avqustun 2-də o, “Bibiheybətdə neft fontanında yanğın”, “Zati-aliləri Buxara əmirinin “Böyük knyaz Aleksey” gəmisi ilə yola salınması mərasimi”, “Qafqaz rəqsi”, “Ələ keçdin” sənədli filmlərini təqdim etmişdir. Bu filmlərin bəziləri Paris arxivindən Azərbaycana hədiyyə edilmişdir və hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.
Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülmüşdür.
Son beş ildə ölkəmizdə 20-dən çox tammetrajlı ekran əsəri çəkilmiş və ötən bir il ərzində Azərbaycan filmləri dünyanın 25-dən çox ölkəsində keçirilmiş nüfuzlu festivallarda nümayiş olunaraq respublikamızı layiqincə təmsil etmişdir.
Hər il olduğu kimi, bu il də dövlətimiz kino sahəsinə uzun illər səmərəli fəaliyyət göstərmiş insanları yaddan çıxarmamışdır. Azərbaycan Kinosu Günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup kino xadiminə fəxri adlar verilmişdir.
Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Gününə həsr olunmuş bədii gecə keçiriləcəkdir.
Gecənin proqramında təbrik və təltiflərlə yanaşı, dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolu” bədii filminə ilkin baxış da yer almışdır.