REGİONLAR
2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə mediatur təşkil olunub
Sumqayıt, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə mediatur təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, mediaturda məlumat verilib ki, bu 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Sumqayıt şəhərində ikinci, ümumilikdə ölkə üzrə isə 24-cü mərkəzdir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, hazırda fəaliyyət göstərən 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi bir gün ərzində 3 minə yaxın vətəndaşa xidmət edir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi inşa edilib. Ümumilikdə, “ASAN xidmət” mərkəzlərində bu günədək 54 milyona yaxın müraciət əsasında xidmət göstərilib.
Mərkəz Sumqayıt şəhərində dənizkənarı bulvara inteqrasiya edilib və onunla vəhdət təşkil edir.
Mərkəz üçün ayrılan 1,85 hektar ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.
Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcək.
Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.
Mərkəzdə 220 videomüşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, yanğınsöndürmə sistemi, çiller, generator, UPS və xüsusi dizayna malik 2 lift quraşdırılıb.
Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür.
Regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə mərkəzdə “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.
Həmçinin mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.
Mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur. Eyni zamanda, mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək.
İlk günün birinci yarısında 250 yaxın vətəndaş “ASAN xidmət” mərkəzinin xidmətlərindən yararlanıb.
Könüllər və vətəndaşlar söhbət zamanı yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.