Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunda I Türk Dünyası Bəstəkarları Qurultayının təsis iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurultayın Türk dünyasının musiqi ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Fondun missiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə ilk dəfə Türk Dünyası Bəstəkarlarının genişmiqyaslı qurultayının keçirilməsi təşəbbüsü irəli sürülüb.
“Yeni beynəlxalq peşəkar platformanın məqsədi Türk dünyası ölkələrinin bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını, musiqi təhsili müəssisələrini və aparıcı musiqi təşkilatlarını bir araya gətirmək, onlar arasında peşəkar əməkdaşlığın inkişafına töhfə verməkdir. Xüsusilə əlamətdardır ki, bu tarixi addım XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində atılır”, – deyə Aktotı Raimkulova vurğulayıb.
Qurultay çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers, TUC) təsis edilib və Birliyin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb.
Tədbirin sonunda iştirakçılara üzvlük vəsiqələri və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılmasında əsas məqsəd Türk dünyasının yaradıcı potensialını bir araya gətirmək, bəstəkarlar və musiqi təşkilatları arasında peşəkar əməkdaşlığı gücləndirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin ərsəyə gəlməsinə töhfə vermək, eləcə də türk xalqlarının musiqisini nüfuzlu beynəlxalq səhnələrdə təbliğ etməkdir.