SİYASƏT
İna Koşeru: COP29 iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək VİDEO

Kişineu, 3 iyun, AZƏRTAC
Bu il “Şərq Tərəfdaşlığı” təşəbbüsü regionunda çox vacib beynəlxalq konfrans Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu tədbir Bakıda təşkil olunacaq. Biz azərbaycanlı həmkarlarımızın uğuruna sevinirik. Biz bilirik ki, bu cür mötəbər tədbiri üzərinə götürmək nə dərəcədə məsuliyyətli və çətin işdir. Bakı beynəlxalq səviyyədə bütün ölkələrin nümayəndələrini qəbul edəcək. Mən Azərbaycan dövlətinə, oradakı həmkarlarımıza bu işdə uğurlar arzulayıram.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Moldova Parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru söyləyib.
COP29 tədbirinin olduqca vacibliyini və əhəmiyyətini vurğulayan komitə sədri deyib: “XXI əsrdə yaşayırıq, bizim üçün ən böyük problem iqlim dəyişikliyidir. Dünyada iqlim dəyişikliyi, su resurslarının azalması dünya ölkələrinə yeni prinsiplərin, texnologiyaların tətbiqini təşviq edir. Yəni, iqlim dəyişikliyinin qarşısını almaq üçün yeni texnologiyalar tətbiq edilməlidir. O texnologiyalar ki, ilk növbədə, istixana qazlarının azalmasına səbəb olsun. Bu, enerji sahəsində baş verməlidir. Qazıntı yanacağı, o cümlədən kömür azaldılmalıdır, alternativ, yaşıl enerji mənbələrindən istifadə edilməlidir. Enerji sektoru iqlim dəyişikliyin əsas amillərindən biridir. Əgər istixana qazlarının azalmasını təşviq edən texnologiyalar tətbiq olunsa, meşə örtüyü artırılsa, - bu, Moldovada da çox aktualdır, - iqlim dəyişikliyinin qarşısı alınar”.
İna Koşeru hesab edir ki, Bakıda keçiriləcək COP29 qeyd olunan problemlərin müzakirəsi üçün əla platformadır və bunların həllinə öz töhfəsini verəcək.
“Azərbaycan dövlətinə təşəkkür edirik ki, bu cür vacib beynəlxalq tədbirin keçirilməsinə razılığını verib. Biz bu gün iqlim dəyişiklikləri ilə bağlı problemləri həll etməsək, gələcəkdə uşaqlarımız ciddi təhlükələrlə qarşılaşa bilərlər”, - deyə Moldova Parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu