31 Mart – Azərbaycan tarixinin qanlı səhifəsidir
Ucar, 29 mart, AZƏRTAC
Ucardakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə azərbaycanlıların soyqırımını özündə əks etdirən videoçarxa tamaşa ediblər.
Zaman-zaman soyqırımına məruz qalan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək deyib ki, martın 31-i Azərbaycanın tarixində ağır, unudulmaz bir gündür. Ş.Abdullayeva vurğulayıb ki, mart soyqırımı və ya mart hadisələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən təkcə Şamaxıda hücum zamanı və əsirlikdə 4359 nəfəri qadın və uşaq olmaqla 10341 nəfər qətlə yetirilib. Vurğulanıb ki, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını alıb. İslam Ordusu 1100 əsgər, 30 zabit şəhid verib. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart Fərmanı ilə Soyqırımı Günü kimi qeyd edilir.
Natiq söyləyib ki, hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tarix hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Elmi-praktik konfransda Xələc kənd tam orta məktəbinin direktoru Bəxtiyar Xəlilovun “Erməni terrorizmi: tarix və həqiqətlər”, şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynəb Əliyevanın “Qanlı illər: 1905-1907-ci illər”, şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəna Hüseynovanın “1918-ci ilin mart soyqırımı və onun mərhələli davamı”, Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulovun “1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası xalqımızın növbəti faciəsidir”, Təzə Şilyan kənd tam orta məktəbinin tarix müəllimi Məhəmməd Ərəbovun “Müsüslü döyüşləri”, Ramal kənd tam orta məktəbinin tarix müəllimi Elvin Abdulovun “Ermənilərin Azərbaycan xalqına qarşı yeni torpaq iddiaları və növbəti soyqırımı siyasəti (1970-ci ildən sonra)” barədə məruzələri, habelə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Qarabağ həqiqətlərini dünyaya tanıdaq” adlı onlayn müsabiqədə 3-cü yeri tutan, fəxri diplomla təltif olunan şəhər 2 saylı tam orta məktəbinin X sinif şagirdi Aysel Rəsulovanın inşası dinlənilib.
Çıxışlarda müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı siyasəti haqqında ətraflı məlumat verilib, qanlı hadisələrin təkrarlanmaması üçün hər bir azərbaycanlının, xüsusən gənclərimizin üzərinə böyük vəzifələr düşdüyü qeyd olunub.