Hacıqabulda yolun bağlanmasına səbəb olan qəzanın fəsadları aradan qaldırılıb VİDEO
Hacıqabul, 22 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda qoşqulu yük maşını hərəkətdə olarkən aşıb, yük yerində olan taxıl yola dağılıb, yolda nəqliyyatın hərəkətində fasilə yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında baş verən qəza Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyində Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. Taxılla yüklənmiş "Mercedes" markalı qoşqulu yük maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı yük maşınının qoşqusu aşıb və taxıl yola dağılıb.
Qəza nəticəsində yolun paytaxt istiqamətində olan hissəsində nəqliyyatın hərəkətində fasilə yaranıb. Həmin istiqamətdə avtomobillər alternativ olaraq torpaq yolla davam edib.
Yola dağılan taxılın yığılması və qəzanın yol təsərrüfatına vurduğu fəsadların aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib, yolda hərəkətin təhlükəsizliyi təmin olunub.
Qəzanın fəsadları tam aradan qaldırılaraq nəqliyyatın hərəkəti bərpa edilib.