Lənkəranda “Region gənclərinin və idmançılarının II Həmrəylik Forumu” keçirilib VİDEO
Lənkəran, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2025-ci ilin yekunlarına həsr olunan “Region gənclərinin və idmançılarının II Həmrəylik Forumu” təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi il ərzində region üzrə gənclərin və idmançıların əldə etdikləri uğurların nümayiş etdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və gələcək hədəflərə motivasiya olunması olub. Forum çərçivəsində müxtəlif idman növləri və gənclər siyasəti sahəsində fərqlənən gənclər və idmançılar xüsusi diplom və mükafatlarla təltif ediliblər. Təltif olunanlar arasında media nümayəndələri də yer alıb.
Forumda çıxış edən rəsmi şəxslər region gənclərinin sosial fəallığının və idman sahəsində qazandıqları nailiyyətlərin əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin gənclər arasında həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbir zamanı iştirakçılara motivasiyaedici çıxışlar, eləcə də musiqi və rəqs kompozisiyaları təqdim olunub.
Qeyd edək ki, forumda Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan rəsmi şəxslər, gənclər, idmançılar, məşqçi-müəllimlər, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir region gənclərinin bir araya gələrək təcrübə mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından da əhəmiyyətli olub.