Babayevlərin nümunəvi ailə təsərrüfatı: Özümüzün bəyənmədiyini başqasına təklif etmirik FOTO VİDEO
Ağstafa, 5 mart, AZƏRTAC
Ağstafa rayonunun Qarahəsənli kəndində yaşayan Babayevlər ailəsi üçün heyvandarlıq sadəcə bir qazanc yeri deyil, həm də nəsildən-nəslə ötürülən bir sahədir. Artıq neçə ildir ki, bu zəhmətkeş ailənin süfrəsinin bərəkəti də, büdcəsinin gəliri də fərdi təsərrüfatdan – süd məhsullarından gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı ənənələrinin güclü olduğu Qarahəsənli kəndində Babayevlər ailəsi təmiz və keyfiyyətli məhsulları ilə tanınır. Onlar ilboyu əldə etdikləri südü heç bir sənaye üsuluna müraciət etmədən, sırf babalarımızdan qalan ənənəvi metodlarla emal edirlər. Məhsulların ən böyük özəlliyi isə tərkibində heç bir kimyəvi qatqı, rəngləndirici və ya süni dadlandırıcının olmamasıdır.
Ailənin hazırladığı məhsullar arasında süd, qatıq, pendir və kərə yağı xüsusi yer tutur. Məhsulun keyfiyyətinə olan inam isə ailənin daxili prinsipindən doğur. “Özümüzün bəyənmədiyimiz məhsulu başqasına təklif etmirik”, - deyir ailə üzvləri.

Evin xanımı Raya Babayeva süd məhsullarının hazırlanma sirlərini bizimlə bölüşərkən bildirir ki, hər şey südün təzə olmasından asılıdır: “Bizdə proses çox şəffafdır. Südü sağılan kimi hələ istiliyi getməmiş mayalayırıq. Xüsusilə pendir hazırlayarkən südün qaymağını götürmürük. Ona görə də bizim pendirlər həm yağlı, həm də dadlı olur. Alıcılarımız da bu keyfiyyəti bildiyi üçün məhsullarımız tez satılır. Hazırladığımız pendiri həm kənddəki qonşulara satırıq, həm də paytaxt Bakıya – daimi müştərilərimizə göndəririk. Qiyməti isə keyfiyyətinə uyğun olaraq 7 manatdır”.
Təsərrüfatın işləri ailə üzvləri arasında bölünür. Ailə başçısı Məhəmməd Babayev qeyd edir ki, hazırda 6-7 baş sağmal heyvan saxlayırlar. O vurğulayır ki, bazarda rəqabət çox olsa da, alıcı hər zaman dürüst istehsalçını tapır:
“Yoldaşımla gəlinim əl-ələ verib inəkləri sağır, məhsulları hazırlayırlar. Bizim əsas prinsipimiz məhsulun təbii olmasıdır. Nə istehsal ediriksə, əvvəlcə süfrəmizə qoyub uşaqlarımızla dadırıq. İnsanlar indi market məhsullarından çox kənd məhsullarına can atırlar, çünki cansağlığı hər şeydən üstündür”.

Məhəmməd dayı qatığın insan sağlamlığı üçün əvəzsiz olduğunu qeyd edir. Onun sözlərinə görə, xüsusilə yay aylarında təbii ayran və qatıq susuzluğu yatırmaqla yanaşı, bədənin müqavimətini də artırır. Həmçinin Babayevlər ailəsinin istehsal etdiyi bu cür təbii məhsullar insan orqanizmi üçün əvəzolunmaz kalsium mənbəyidir. Kənd südündən hazırlanan pendir uşaqlarda boy artımına, yaşlılarda isə osteoporozun qarşısının alınmasına kömək edir. Fermentləşdirilmiş məhsullar (qatıq, kəsmik) bağırsaq mikroflorasını yeniləyir, bədəni toksinlərdən təmizləyir.
Qarahəsənlidə hazırlanan bu süd məhsulları sadəcə qida deyil, bir kənd ailəsinin zəhmətinin, torpağa və heyvana olan sevgisinin təcəssümüdür. Bu cür kiçik ailə təsərrüfatlarının fəaliyyəti həm ölkədə ərzaq təhlükəsizliyinə, həm də sağlam gələcəyin formalaşmasına böyük töhfə verir.
Müxbir - Ruslan Novruzoğlu