İndiki yağışlar taxıl sahələrinə necə təsir edir? - mütəxəssis açıqlayır VİDEO
Şəki, 6 may, AZƏRTAC
Müşahidələr göstərir ki, əvvəlki illərdən fərqli olaraq, bu ilin yaz ayları ölkə ərazisində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də yağışlı keçir. Əgər fermerlər səpin zamanı gübrələrdən və mineral maddələrdən düzgün istifadə ediblərsə, vaxtında bitki mühafizəsi üzrə mütəxəssislərlə məsləhətləşərək aqrotexniki qulluq işlərini yerinə yetiriblərsə, indiki yağıntılar ciddi narahatlıq doğurmur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin Şəki rayon mərkəzinin rəisi aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev məlumat verib.
“Hazırda yağan yağışlar taxıl sahələrinə necə təsir edir?” sualına cavab olaraq mütəxəssis bildirib ki, vəziyyəti yerində qiymətləndirmək üçün fermer təsərrüfatlarından birinə baş çəkərək həm taxılın inkişaf mərhələsini izləyib, həm də xəstəliklərə dair müşahidələr aparıblar.
Taxıl sahəsini göstərən T.Mehdiyev əvvəlcə rayondakı ümumi vəziyyət barədə məlumat verib: “Bildiyiniz kimi, Şəki ölkənin əsas taxılçılıq rayonlarından biridir. Hər il respublikada istehsal olunan taxılın 10-15 faizi bu rayonun payına düşür. Əkin sahələrinin isə 50 faizdən çoxu dəmyədir. Dəmyə torpaqları üçün yağıntıların böyük əhəmiyyəti var. Xüsusilə aprel ayında düşən bol yağış taxıl sahələri üçün sanki bir məlhəm olub və yüksək məhsuldarlıq üçün zəmin yaradıb”.
Mütəxəssis qeyd edib ki, bu il Şəki rayonunun əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı dövlət büdcəsi hesabına 21 min 500 hektardan artıq sahədə mübarizə tədbirləri aparılıb. Bundan əlavə, 12 min hektardan çox sahədə pas xəstəliyinə, 5 min hektardan artıq əkin sahəsində isə digər zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb.
T.Mehdiyev fermerlərə tövsiyə edib ki, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qaydalara ciddi əməl etməli, bitki mühafizəsi tədbirlərini vaxtında və düzgün həyata keçirməlidirlər. Onun sözlərinə görə, yağıntılar uzun müddət davam edərsə və ya dolu, güclü küləklə müşayiət olunarsa, bu, məhsuldarlığa mənfi təsir göstərə bilər. Bu səbəbdən fermerlərin hər bir addımı bitki mühafizəsi üzrə mütəxəssislərlə məsləhətləşərək atması məqsədəuyğundur.
Müxbir - Rasim İslamoğlu