Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır - YENİLƏNİB
Bakı, 14 avqust, AZƏRTAC
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-ü saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, yaralının sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
19:47
Bakı, 13 avqust, AZƏRTAC
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində avqustun 13-də mina partlayışı baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, Tərtər rayonunun Qaynaq kənd sakini 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd olunub.