Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcəkdir VİDEO

Bakı, 29 yanvar (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcəkdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldıqları festivalda peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə görüşürlər. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur.
Təkcə ötənilki MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak etmişdir. 1350 stend və pavilyonun nümayiş olunduğu festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırmışdır.
Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda “NRJ Music Awards” mükafatı verilir.
Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir.
Fevralın 1-dən 4-dək keçiriləcək festivalda Azərbaycanı İsfar Sarabskinin rəhbərliyi ilə musiqi qrupu təmsil edəcəkdir. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də “Majestic Barriere” mehmanxanasının “Diane” zalında çıxış edəcəkdir. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabskini peşəkar musiqiçilər müşayiət edəcəklər.
Hazırda İsfar Sarabski Heydər Əliyev Fondunun xətti ilə ABŞ-dakı “Berklee College of Music”də təhsilini davam etdirir.