MƏDƏNİYYƏT
Bakıda Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir VİDEO
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Naxçıvan Muxtar Respublikasının (MR) 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş olunmuşdur.
Tarix elmləri doktoru, professor Abbas Seyidov tədbirin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini söyləmişdir.
Professor qeyd etmişdir ki, Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvan çox sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirmişdir.
Diqqətə çatdırılmışdır ki, əsrlər boyu bir sıra dövlətlərin paytaxtı olmuş Naxçıvan şəhəri tarixin bütün dövrlərinə aid qədim, arxeoloji və memarlıq abidələri ilə zəngindir. Vurğulanmışdır ki, bir çox tədqiqatçıların əsərlərinə əsasən, Naxçıvan orta əsrlər intibah dövründə daha da inkişaf etmişdir.
Abbas Seyidov Naxçıvanın tarixi barədə ətraflı məlumat verərək bildirmişdir ki, 1924-cü il fevralın 9-da ona Muxtar Respublika statusu verilmişdir.
Qeyd edilmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün şiddətli xarakter aldığı bir vaxtda - 1990-cı ildə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi burada yaşayan insanları yekdil tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi yerli əhalidə ruh yüksəkliyi yaratmışdır. Vurğulanmışdır ki, muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Ümummilli Liderin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir.
Tədbirin bədii hissəsində tanınmış müğənnilər, “Aysel” və “Cəngi” rəqs ansamblları və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərinin şagirdləri çıxış etmişlər.
Burada, həmçinin Naxçıvanın tarixini və mədəniyyətini, adət-ənənələrini əks etdirən qədim əşyalardan ibarət guşə, bu torpağın yetirdiyi ədiblərin kitablarından ibarət sərgi təşkil edilmişdir.