Bu gün Beynəlxalq Radio Günü qeyd edilir VİDEO
Bakı, 13 fevral (AZƏRTAC). Hər il fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi deyildir. Belə ki, 1946-cı il fevralın 13-də “BMT-nin radiosu” ilk dəfə efirə çıxmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BMT-nin baş katibi Pan Gi Mun bununla bağlı müraciətində 100 il əvvəl icad edilən radionun bütün dünyanı əyləndirdiyini və məlumatlandırdığını, eləcə də demokratik islahatların təşəkkülünə kömək göstərdiyini qeyd etmişdir. BMT-nin baş katibi demişdir ki, qısadalğalı tezlikdən modullu tezliyədək, hazırda isə peyk yayımı daxil olmaqla, radio insanların harada olmasından asılı olmayaraq onları birləşdirir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.